Target reklam nədir? Targetinq, retarget və lookalike Azərbaycan nümunələri ilə (2026)

Samad Muradli10 dəq oxunuş

Target reklam reklamın hamıya deyil, seçilmiş insanlara göstərilməsidir. Məsələn, Bakıda yaşayan, 25–45 yaşlı, son həftələrdə saytınıza girmiş və ya Instagram-da sizə yazmış şəxslərə. Azərbaycanda bu ifadə ən çox Instagram və Facebook (Meta) reklamı üçün işlənir. Targetinq isə həmin auditoriyanı seçmək prosesidir. 2026-da “target reklam nədir” sualına dürüst cavab belədir: siz sistemə kimin alıcı olduğunu öyrədirsiniz, reklamı konkret kimə göstərməyi isə getdikcə daha çox Meta-nın alqoritmi özü seçir.

Bu dəyişiklik “targetoloq düzgün maraqları seçsə, reklam işləyəcək” düşüncəsini köhnəldir. Targetoloqun işi yox olmur, amma mərkəzi dəyişir. Əsas iş artıq maraq seçmək deyil. Əsas iş düzgün siqnal, düzgün kreativ və düzgün hədəf hadisəsi seçməkdir.

Target reklam nədir: kimə göstərilir, kimə yox

Kiminsə lentində reklam üçün yer açılanda Meta hər dəfə auksion keçirir. Auditoriya ayarlarınız bu auksionda kimin qarşısına çıxa biləcəyinizin sərhədini çəkir. Kampaniyanın məqsədi isə bu sərhəd daxilində kimin seçiləcəyini müəyyən edir.

Praktikada bu belə görünür:

  • Coğrafiya və minimum yaş sərt sərhəddir: reklamı Bakı ilə məhdudlaşdırmısınızsa, Gəncədə yaşayan birinə göstərilməyəcək.
  • Maraqlar və davranışlar 2026-da çox vaxt sadəcə tövsiyədir. Sistem daha ucuz nəticə görsə, onların kənarına çıxa bilər.
  • Optimallaşdırma hədəfi (mesaj, lead, satış, baxış) ən güclü “target”dir. “Əhatə” seçsəniz, sistem ucuz göstərim tapır. “Lead” seçsəniz, form doldurmağa meyilli insanları tapır, o cümlədən rastlaşdığı hər forma ad yazanları.

Ona görə eyni auditoriya ilə qurulan iki kampaniya tam fərqli insanlara düşə bilər. Hədəfləməyə başlamazdan əvvəl özünüzə bir sual verin: reklamdan konkret hansı hərəkəti istəyirəm və bu hərəkət satışa nə qədər yaxındır?

Hədəfləmənin növləri: coğrafiya, yaş, maraq, davranış və öz auditoriyanız

Coğrafiya

Ölkə, şəhər, rayon və ya konkret ünvan ətrafında radius seçmək olar. Mağazası Xırdalanda olan mebel satıcısı bütün Azərbaycana reklam versə, pulun çoxu səpələnir. Çatdırılma bütün ölkəyədirsə, vəziyyət əksinədir: yalnız Bakı ilə məhdudlaşmaq satışı kəsir.

Yaş və cins

Yaş aralığını çox daraltmaq Azərbaycanda auditoriyanı tez kiçildir. Cins filtri yalnız məhsul həqiqətən bir cinsə yönəlibsə mənalıdır. Hədiyyəlik məhsulları, məsələn ətir və zərgərliyi, çox vaxt qarşı cins alır.

Maraqlar və davranışlar

“Daşınmaz əmlak”, “avtomobil”, “təhsil” kimi maraqlar insanın bəyəndiyi səhifələrə, baxdığı kontentə və hərəkətlərinə əsasən formalaşır. Problem ondadır ki, bu kateqoriyalar genişdir və həmişə dəqiq deyil. “Avtomobil” marağı olan şəxs maşın almağa hazırlaşan biri olmaya bilər, sadəcə avtomobil videoları izləyir.

Öz auditoriyanız (custom audience)

Buraya saytınıza girənlər, Instagram profilinizlə əlaqəyə girənlər, videolarınıza baxanlar və müştəri siyahınız daxildir. Bu, əlinizdəki ən dəyərli məlumatdır, çünki sizin biznesinizlə real təmasa əsaslanır.

Oxşar auditoriya (lookalike)

Bu, öz auditoriyanıza bənzəyən yeni insanlardır. Aşağıda ayrıca izah olunur.

Auditoriya növü Nəyə əsaslanır Nə vaxt işləyir Azərbaycanda risk
Geniş (yalnız ölkə/şəhər və yaş) Alqoritmin özü tapdığı siqnallar Kreativ güclüdür, piksel/CAPI məlumatı çoxdur Məlumat azdırsa, müraciət ucuz olur, amma keyfiyyətsiz
Maraq və davranış Meta-nın kateqoriyaları Yeni hesab, test mərhələsi Kiçik auditoriya, yüksək tezlik
Retarget (custom) Sizinlə təmasda olmuş insanlar Qərar müddəti uzun olan məhsullar Kiçik biznesdə auditoriya çox kiçik qalır
Lookalike Seçdiyiniz mənbəyə oxşarlıq Mənbədə yüzlərlə real alıcı var Zəif mənbə zəif auditoriya verir
Advantage+ auditoriya Sizin tövsiyələr və alqoritm Optimallaşdırma hədəfi satışa yaxındır Hədəf səhvdirsə, sistem səhv insanları çox səmərəli tapır

Retarget reklam nədir: sayta girən, DM yazan, videoya baxan şəxsə ikinci toxunuş

Retarget reklam sizinlə artıq təmasda olmuş, amma hələ alış etməmiş insana yenidən göstərilən reklamdır. Mənzil, avtomobil, kurs və ya bahalı texnikanı ilk görüşdən az adam alır. Qərar həftələrlə, bəzən aylarla çəkir. Retarget həmin müddətdə sizi unutdurmur.

Azərbaycanda ən çox işə yarayan retarget mənbələri:

  1. Sayta girənlər. Meta pikseli və ya Conversions API ilə toplanır və 180 günə qədər saxlanıla bilər. Ən dəyərlisi konkret səhifəyə baxanlardır: qiymət səhifəsi, mənzil seçimi, avtomobil konfiqurasiyası.
  2. Instagram və Facebook-da yazanlar. DM göndərən, amma satışa keçməyən şəxslər.
  3. Videoya baxanlar. Xüsusən videonun 50% və ya 75%-ni izləyənlər. Bu auditoriya ucuz və tez dolur.
  4. Lead formu açıb göndərməyənlər. Maraq var, amma nəsə onları dayandırıb.
  5. Müştəri siyahısı. CRM-dən yüklənən telefon nömrələri və e-poçtlar.

Retargetdə tipik səhvlər:

  • Eyni reklamı eyni adama həftədə on dəfə göstərmək. Kiçik auditoriyada tezlik sürətlə artır və insan əsəbiləşir.
  • Artıq alanları istisna etməmək. Müştəri aldığı məhsulun reklamını görməyə davam edir.
  • İkinci toxunuşda yeni heç nə deməmək. Retarget ilk reklamın təkrarı deyil, növbəti addım olmalıdır: ödəniş planı, real müştəri rəyi, tikintinin son vəziyyəti, test-drayv dəvəti.

Lookalike və Advantage+ auditoriya: 2026-da hədəfləmə niyə genişlənir

Lookalike auditoriya mənbə kimi verdiyiniz siyahıya, məsələn alıcılarınıza, oxşar insanlardan qurulur. Meta mənbədə bir ölkədən ən azı 100 nəfər tələb edir. Auditoriyanın ölçüsü ölkə əhalisinin 1%-dən 10%-ə qədər seçilir. Azərbaycan kimi kiçik bazarda 1% lookalike böyük ölkələrlə müqayisədə çox kiçikdir. Ona görə burada mənbənin keyfiyyəti ölçüdən vacibdir. 300 real alıcıdan qurulmuş lookalike 5 000 təsadüfi bəyənişdən qurulmuşdan daha dəyərlidir.

Advantage+ auditoriya Meta-nın son illərdə əsas etdiyi yanaşmadır. Yaş, maraq və öz auditoriyalarınızı “tövsiyə” kimi verirsiniz. Sistem daha yaxşı nəticə görəndə onların kənarına çıxır. Sərt nəzarət kimi əsasən coğrafiya, minimum yaş və istisna etdiyiniz auditoriyalar qalır. Dəyişikliklərin detallarını Meta reklam dəyişiklikləri 2026 yazısında ayrıca izah etmişik.

Bu niyə baş verdi? Brauzer və telefonlardakı məxfilik qaydaları reklam sistemlərinin gördüyü məlumatı azaldıb. Meta bunu süni intellektlə kompensasiya edir. Kimin alacağını reklama verilən reaksiyadan və saytdan qayıdan siqnallardan öyrənir. Nəticədə 2026-da əlinizdə qalan əsas “targetinq alətləri” bunlardır:

  • Kreativ. Videodakı insan, dil, məkan və təklif kimin reaksiya verəcəyini müəyyən edir. Bakının yeni tikililərini göstərən rusdilli video və Gəncədəki ailəyə yönəlmiş azərbaycandilli video fərqli insanlara düşəcək.
  • Optimallaşdırma hadisəsi. Sistem nəyi “uğur” sayırsa, onu axtarır.
  • Məlumatın keyfiyyəti. Sistemə qaytardığınız siqnal real satışa nə qədər yaxındırsa, auditoriya da o qədər dəqiq olur.
  • İstisnalar. Mövcud müştərilər, işçilər, “uyğun deyil” statuslu lead-lər.

Azərbaycanda hədəfləmə: Bakı və regionlar, AZ-RU dil, kiçik auditoriya problemi

Böyük bazarlar üçün yazılmış məsləhətlər burada həmişə işləmir. Yerli xüsusiyyətlər bunlardır.

Kiçik auditoriya problemi. Bir neçə dar marağı dar yaş aralığı ilə birləşdirəndə auditoriya tez on minlərlə ölçülən səviyyəyə düşür. Belə auditoriyada reklam eyni adamlara təkrar-təkrar göstərilir və müraciət bahalaşır. Qayda sadədir: auditoriyanı yox, mesajı daraldın. Auditoriyanı geniş saxlayın, kreativi isə konkret alıcıya yazın.

Bakı və regionlar. Alıcılıq qabiliyyətinin, onlayn alış vərdişinin və çatdırılma imkanlarının əsas hissəsi Bakı və Abşerondadır. Bütün ölkəyə satırsınızsa, Bakını və regionları ayrı reklam dəstlərində saxlayın. Əks halda büdcənin böyük hissəsi avtomatik Bakıya axır və regionlarda nə baş verdiyini görmürsünüz. “Bu yerdə yaşayan” və “bu yerdə yaxınlarda olmuş” seçimləri də fərqlidir. Bakıda işləyən, amma rayonda yaşayan insan hər ikisinə düşə bilər.

Azərbaycan və rus dili. Meta-nın dil filtri insanın danışdığı dili deyil, telefonundakı interfeys dilini göstərir. Azərbaycanda çox adam interfeysi rus, ingilis və ya türk dilində saxlayır. Ona görə dil filtri lazımlı alıcıları kəsə bilər. Daha etibarlı yol budur: dil filtrini boş saxlayın, azərbaycan və rus dilində ayrı kreativlər hazırlayın və hansı mesajın kimə düşdüyünü nəticələrdən görün.

Platformalar. Əksər istehlak sahələrində əsas kanal Instagram-dır. Facebook daha yaşlı auditoriyaya və bəzi regionlara çatmaq üçün faydalı qalır. Hər ikisi eyni Meta kabinetindən idarə olunur. Addım-addım quruluş üçün Instagram reklam necə verilir təlimatına baxın.

Mövsümilik. Auditoriyanın davranışı il boyu dəyişir:

  • təhsil sahəsində avqust–sentyabr;
  • Abşeron kurort mənzillərində yaz–yay;
  • pərakəndədə bayram dövrləri.

Eyni hədəfləmə ilin fərqli aylarında fərqli qiymətə nəticə verir.

Hədəfləməni CRM datası ilə gücləndirmək: alıcıya oxşar auditoriya

Ən güclü auditoriya sizin real alıcılarınızdır. Problem ondadır ki, Meta adətən yalnız “form dolduruldu” hadisəsini görür. Sonra nə baş verdiyini bilmir: zəngə cavab verildimi, insan görüşə gəldimi, aldımı? Nəticədə sistem form dolduran hər kəsi “yaxşı” sayır və daha çox belə insan gətirir. Keyfiyyətsiz müraciət şikayətlərinin çoxu buradan gəlir.

Bunu düzəltmək üçün addımlar:

  1. CRM-də statusları qurun: yeni müraciət, əlaqə saxlanıldı, görüş/ziyarət, satış, uyğun deyil.
  2. Statusları Meta-ya geri göndərin. Bu, Conversions API ilə edilir. Daşınmaz əmlak nümunəsində necə işlədiyini Conversions API developer üçün yazısında göstərmişik.
  3. Lookalike-ı alıcılardan qurun. Bütün lead-lərdən yox, yalnız görüşə gələnlərdən və ya alanlardan.
  4. Kampaniyanı satışa yaxın hadisəyə optimallaşdırın, məsələn “keyfiyyətli lead” və ya “görüş”.
  5. Mövcud müştəriləri və “uyğun deyil” statusunu istisna edin.

Müştəri siyahısını yükləyəndə telefon və e-poçtlar şifrələnmiş (hash) formada uyğunlaşdırılır. Amma məlumatı toplamaq üçün müştərinin razılığı və aydın məxfilik siyasəti yenə sizin məsuliyyətinizdir.

Real nümunə: Sea Breeze Properties layihəsində Advertol 108 aktiv gündə 1 759 müraciət topladı. Bir müraciətin orta qiyməti $2.80 oldu. Göstəricilər belə dəyişdi:

  • bir müraciətin qiyməti 2026-cı ilin mayında $5.06 idi, iyulda $2.06-ya düşdü;
  • gündəlik müraciət sayı 8.6-dan 26.2-yə qalxdı;
  • bir ayda 10 ev satıldı.

Bu nəticə tək bir hədəfləmə düyməsindən gəlmir. Advertol belə layihələrdə reklamı, müraciətin emalını və CRM-dən qayıdan məlumatı bir sistem kimi qurur. Məqsəd odur ki, alqoritm “form dolduranı” yox, alıcıya oxşayanı axtarsın.

Targetoloq kimdir, nə edir və nə vaxt agentlik lazımdır

Targetoloq Meta (bəzən də TikTok) reklam kampaniyalarını quran və idarə edən mütəxəssisdir. Yaxşı targetoloqun işi təkcə auditoriya seçmək deyil:

  • piksel və Conversions API-nin düzgün işlədiyini yoxlamaq;
  • kampaniya strukturunu və optimallaşdırma hadisəsini seçmək;
  • kreativləri test etmək və zəif olanları dayandırmaq;
  • tezliyi, müraciət qiymətini və keyfiyyətini izləmək;
  • hesabat vermək və büdcəni nəticəyə görə bölmək.

Tək targetoloq bu hallarda kifayətdir:

  • bir kanalda işləyirsiniz;
  • sayt və ya müraciət forması artıq hazırdır;
  • kontenti özünüz çəkirsiniz;
  • satış komandanız müraciətləri vaxtında emal edir.

Agentlik bu hallarda daha məntiqlidir:

  • Advantage+ dövründə ayda onlarla yeni kreativ lazımdır və onları kimsə çəkməlidir;
  • sayt, landing və ya CRM yoxdur, ya da reklamla əlaqələndirilməyib;
  • müraciətlərə gecə və həftəsonu da cavab vermək lazımdır (chatbot, WhatsApp avtomatlaşdırma);
  • Meta və Google reklamları birlikdə işləməlidir;
  • rəhbərlik lead sayına görə yox, satışa və ROAS-a görə hesabat istəyir.

Bu seçimin xərc tərəfini daxili marketoloq, frilanser, yoxsa agentlik yazısında müqayisə etmişik. Kimi seçsəniz də üç sual verin:

  1. Hansı hadisəyə optimallaşdırırsınız?
  2. Lead keyfiyyətini necə yoxlayırsınız?
  3. Reklam hesabı kimin Biznes portfelindədir?

Hesab həmişə sizin şirkətin adına olmalıdır.

Kimə target reklam lazım deyil

  • Müraciətlərə cavab verən yoxdursa. DM və zənglər saatlarla cavabsız qalırsa, reklam pulu boşa gedir. Əvvəl satış prosesini qurun.
  • Məhsula tələb yoxdursa. Hədəfləmə tələb yaratmır, mövcud tələbi tapır.
  • Çox kiçik yerli biznesə ayda bir neçə post kifayətdirsə. Məhəllə mağazası üçün Google Xəritə profili və tanışların tövsiyəsi çox vaxt daha sərfəlidir.
  • Potensial alıcılarınızın sayı bir neçə onluqdursa, məsələn dar sənaye avadanlığı satırsınızsa. Burada birbaşa satış və şəxsi görüşlər daha səmərəlidir.
  • Reklamı bir həftə yoxlayıb dayandırmaq fikrindəsinizsə. Alqoritmin öyrənməsi və test üçün vaxt və sabit büdcə lazımdır.

Advertol Bakıda yerləşən rəqəmsal marketinq və IT agentliyidir. Meta və Google reklamı, SMM və kontent istehsalı, saytlar və mobil tətbiqlər, CRM sistemləri və AI avtomatlaşdırma bir komandada toplanıb. Hədəfləmənin sizin biznesinizdə nəyi dəyişə biləcəyini görmək istəyirsinizsə, pulsuz strategiya görüşünə yazılın. Mövcud kampaniyalarınıza, müraciət axınınıza və CRM-ə birlikdə baxaq.

Tez-tez verilən suallar

Target reklam ilə SMM arasında fərq nədir?

SMM sosial şəbəkə hesablarının idarə olunması, kontent və auditoriya ilə ünsiyyətdir. Target reklam isə həmin platformalarda pullu reklamın seçilmiş auditoriyaya göstərilməsidir. SMM etibar və tanınma yaradır, target reklam isə mesaj, müraciət və ya alış kimi konkret hərəkət gətirir. Ən yaxşı nəticə ikisi birlikdə işləyəndə alınır.

Target reklam üçün minimum büdcə nə qədər olmalıdır?

Meta-da sabit minimum məbləğ yoxdur. Amma alqoritmin öyrənməsi üçün bir reklam dəsti həftədə təxminən 50 optimallaşdırma hadisəsi toplamalıdır. Deməli, büdcə seçdiyiniz hədəfin qiymətindən asılıdır: mesaj ucuz, satış isə bahalı hadisədir. Büdcəni AZN ilə planlaşdırsanız da, hesablamanı bir müştərinin sizə gətirdiyi gəlirdən başlayın.

Retarget reklam nə qədər müddət göstərilməlidir?

Bu, qərar müddətindən asılıdır. Onlayn mağaza üçün 7–30 günlük pəncərə çox vaxt kifayətdir. Mənzil və avtomobil kimi uzun qərarlı məhsullarda 90–180 gün mənalıdır. Əsas şərt tezliyə nəzarət etmək və alış edənləri istisna etməkdir.

Advantage+ açıqdırsa, targetoloqa hələ ehtiyac varmı?

Bəli, amma işin mərkəzi dəyişib. Maraq seçmək daha az əhəmiyyət daşıyır. Optimallaşdırma hadisəsi, kreativ testi, Conversions API və lead keyfiyyətinin izlənməsi daha çox əhəmiyyət daşıyır. Advantage+ səhv hədəfə qoyulsa, sistem səhv insanları çox səmərəli tapacaq.

Lookalike auditoriya üçün neçə nəfərlik baza lazımdır?

Meta mənbədə minimum 100 nəfər tələb edir, özü isə 1 000–50 000 nəfərlik mənbə tövsiyə edir. Azərbaycanda bu qədər alıcı hər biznesdə olmur. Ona görə mənbəni bütün lead-lərdən yox, alış edənlərdən və görüşə gələnlərdən qurmaq daha düzgündür. Kiçik bazarda keyfiyyət həcmdən vacibdir.

Layihəniz var?

Pulsuz strategiya zəngi ilə başlayaq.

Müraciət Et

Oxşar məqalələr

Azərbaycanda onlayn reklam: beynəlxalq brendlər üçün Meta və Google Ads bələdçisi (2026)Beynəlxalq brendlər üçün Azərbaycanda onlayn reklam: Bakı mərkəzli ikidilli auditoriya, xaricdən Meta və Google hesab quruluşu, WhatsApp müraciətləri, Conversions API və ingiliscə hesabat.Azərbaycanda marketinq agentliyi ilə bazara giriş: xarici şirkət üçün 2026 bələdçisiXarici brendin Azərbaycana marketinq girişi üçün praktik plan: iki dilli alıcı, işləyən kanallar, reklam qaydaları, yerli ödəniş və CRM, HQ üçün ingilis dilində hesabat və ilk 90 gün.Instagram reklamı niyə yayımlanmır? Rədd, “nəzərdən keçirilir” və sıfır göstərimin səbəbləri (2026)Instagram reklamınız “nəzərdən keçirilir”-də ilişib, rədd edilib və ya təsdiqlənsə də göstərim almır? Statusdan başlayaraq səbəbi tapın: Meta qaydaları, büdcə, Azərbaycan bank kartları və hesab məhdudiyyətləri.